Həyatı
Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur.Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir.
Fəaliyyəti
Əmək fəaliyyəti
Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub.Ədliyyə kapitanı idi.
Hərbi xidməti
İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir.
Təltifiləri
(15.12.2020) — "Vətən uğrunda" medalı-Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir.[2]
- Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.

44 günlük Vətən Müharibəsində 2783 şəhid
verdik... Onların şücaəti, vətənpərvərliyi, fədakarlığı dillərə dastan
olub... 2783 şəhid öz qanı ilə şərəfli tarix yazdı. Kimisi könüllü idi,
kimisi həqiqi hərbi xidmətçi... Aralarında həm zabitlər var, həm də
sıravilər...
Onlar öz övladlarını, həyat yoldaşlarını,
valideynlərini uğrunda canlarından keçdikləri bu Vətənə əmanət
etdilər... Döyüşlərdə hər kəndi düşməndən geri alıb bayrağımızı
ucaldanda bizə dünyaları verdilər, məğlub xalq töhmətindən xilas
olduq..
kapitan Ruhin Müzəffər oğlu Xəlilov da onlardan biridir...
İndi bu ad-soyad çoxlarına tanışdır... Rahat işini, isti kabinetini soyuq səngərə dəyişən könüllü vətən fədaisi...
1987-ci
ilin 13 martında Cəbrayıl rayonunun Məzrə kəndində doğulmuşdu Ruhin
Xəlilov... 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu işğal olunanda onu
cəmi 6 yaşı vardı...
Ailədə bir bacı, bir qardaş idilər... Onda kim
bilərdi ki, 6 yaşında doğulduğu rayonu məcburən tərk edən bu uşaq vaxt
gələcək Vətən torpağının xilaskarlarından birinə çevriləcək...
Ailəsi
Cəbrayılın işğalından sonra Xırdalan şəhərində məskunlaşmışdı. Ruhin
Xəlilov orta məktəbə Xırdalanda getdi, təhsilini də elə burada
bitirdi. Xırdalan şəhər 1 saylı tam orta məktəbin2005-ci ildəki
məzunları arasında Ruhin Müzəffər oğlu oğlu Xəlilov da vardı...
Vaxtilə təhsil aldığı məktəbin müəllimləri deyirlər ki, Ruhin məktəbin
ağıllı, tərbiyəli və savadlı şagirdlərindən biri olub və bu
keyfiyyətlərinə görə də həmişə fərqlənib.
Doğulduğu Cəbrayılı
azad etmək eşqi ilə yaşayan Ruhin yaşa dolduqca, Vətən nisgilini də
içində böyüdürdü... İnanırdı ki, nəhayət bir gün doğma rayonun azad
olunması uğrunda savaşan əsgərlərdən biri məhz o özü olacaq. Bu
arzu-istəklə ali təhsil aldı, hüquqşünas ixtisasına yiyələndi...
Ali təhsilini Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirib, ədliyyə sistemində işə qəbul olundu.
2011-ci
ilin 14 oktyabrında Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası
tərəfindən ədliyyə orqanlarına dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə
yekun vurulanda, uğurlu nəticəyə nail olan 56 namizəd arasında Ruhin
Müzəffər oğlu Xəlilovun da adı var idi.
Ədliyyə işçisi kimi
Biləsuvarda, İmişlidə çalışdı, 10 ilə yaxın müddətdə vəzifə pilləsində
addım-addım yüksəldi. Çalışdığı yerlərdə prinsipallığı, haqq-ədalətin
müdafiəçisi kimi hörmət-izzət qazandı.
İmişli
Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində çalışanda ədliyyə
qulluğunu nöqsansız yerinə yetirməsi onu rəhbərliyin gözündə daha da
ucaltdı..
Bacarığına, dürüstlüyünə,
məsuliyyətli olmağına, peşəkarlığına inanıb irəli çəkdilər – Bakıya
Ədliyyə Nazirliyinə işə gətirdilər. Ədliyyə kapitanı rütbəsinə
yüksəldi..
Tovuz döyüşləri zamanı
general-mayor Polad Həşimov şəhid olanda artıq bıçağın sümüyə
dirəndiyini, daha geriyə yolun qalmadığını düşünən kapitan Ruhin Xəlilov
ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə getmək üçün yazıldı.
Səbri tükənmiş və hər şeyi göz önünə almışdı... Sevdiyi qadını, üç
azyaşlı uşağını, yaşlı ata-anasını, isti kabinetini, rahat işini soyuq
səngərə dəyişmək, Vətən uğrunda könüllü yazılan minlərdən biri olmaq...
Vətən sevgisi ilə alışıb-yanan ədliyyə məmurunun uzun illər sonra
müsəlləh əsgər kimi döyüşlərə qatılmasına fürsət yaranmışdı. Ruhin
Xəlilov bu fürsəti qaçırmaq istəmirdi. İndi onun üçün məqam idi - nə
olursa olsun, düşmənin sinəsinə dağ çəkmək, şəhidlərin, dağıdılıb viran
edilmiş yurd yerlərinin intiqamını almaq lazımdır...
33
yaşlı ədliyyə kapitanının bu istəyindən xəbər tutan həyat yoldaşı Günel
Xəlilova ona “istəmirəm gedəsən, azyaşlı uşaqlarımız var” deyəndə
Ruhinin cavabı “yox, getməliyəm, gedib qayıdacağam” olmuşdu.
O, xanımını zəfərlə dönəcəyinə əmin etmiş, “İnşallah, qələbə bizim olacaq” söyləmiş və rahat olmağını istəmişdi.
Beləcə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məsləhətçisi, kapitan
Ruhin Xəlilov işindən istefa verərək, Vətən Müharibəsi başlayandan 3 gün
sonra - oktyabrın 1-də könüllü cəbhəyə getmişdi...
Bacısı Gülnar Xəlilova: “Tovuz hadisələrindən sonra könüllü yazılmışdı. Bu haqda ailədən heç kimə deməmişdi, Sonradan bilmişdik...
Cəbhədən zəng edəndə deyirdi hər şey yaxşıdı, çox şey söyləmirdi... Öz rayonumuz – Cəbrayıl alınanda mesaj yazmışdı ki, doğma torpaqdayam. Sizi bura gəzməyə gətirəcəm”.
Ədliyyə zabitinin döyüş yolu 21 gün sürdü... Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə fərqləndi, şücaət göstərdi. Döyüşən Ordunun tərkibində Laçın rayonu ərazisinədək irəliləyə bildi...
Təəssüf ki, bacısına verdiyi sözə əməl etmək ona qismət olmadı... Ruhin Xəlilov oktyabrın 21-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu...
Onu Bakıda – indi Üçüncü Fəxri Xiyaban adlandırılan məzarlıqda – şəhid olan döyüş yoldaşlarının əhatəsində dəfn etdilər...
Atası Müzəffər Xəlilov üçün oğul itkisi çox ağırdı. Qəhrəman, vətənpərvər oğul atası indi Ruhinin qoxusunu nəvələrindən alır... Müzəffər kişinin arzusu oğlunun uğrunda şəhid olduğu doğma torpaqlara getmək, orada ölməkdir...
Ruhin Xəlilov keçdiyi şərəfli döyüş yolu ilə xalqının və dövlətinin adını uca tutdu, qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəldi.
O üç övladına – qızları - 7 yaşlı Qönçə və 5 yaşlı Melisaya, oğlu - 1 yaşlı Tunara şərəf və layaqətlə anılacaq bir yol qoyub getdi...
Qeyd: Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə R.Xəlilov ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Nazirlik üzrə əmrlə ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə R.Xəlilova ölümündən sonra "Fəxri ədliyyə işçisi" adı verilib.